I Liqada çempion olan və Premyer Liqaya yüksələn "Qəbələ"nin prezidenti Fariz Nəcəfovun AZƏRTAC-a müsahibəsi

- "Qəbələ" yenidən Premyer Liqaya qayıtdı. Uğurunuzu necə qiymətləndirirsiniz?

- Əvvəllər də qeyd etdiyim kimi, əsas məqsəd I Liqanı qələbə ilə başa vurmaq və bunu "Qəbələ"nin adına layiq şəkildə həyata keçirmək idi. Komandanın, məşqçilər heyətinin gördüyü uğurlu işin nəticəsində sona 7 tur qalmış vəsiqəni, 4 tur qalmış isə 1-ci yeri təmin etdik. Bu nəticələr özü hər şeyi deyir. Uğurumuzda əziyyəti olan hər kəsə, bizi dəstəkləyən azarkeşlərə bir daha təşəkkür edirəm.

- Ümumilikdə, komandanın I Liqadakı çıxışını necə dəyərləndirirsiniz? Ən çətin və ən həlledici məqamlar hansılar oldu?

- Çempionluğumuz kənardan asan görünə bilər. Əslində isə bu, bizim üçün heç də asan başa gəlmədi. I Liqada kifayət qədər güclü rəqabət var idi. Bu rəqabətin qarşısında ən az qol buraxan, ən çox qol vuran və iki dəfə məğlub olan komandanın işini, şübhəsiz, yüksək qiymətləndirirəm. Ən həlledici məqamlar, təbii ki, ən yaxın izləyicilərimizlə oyunlar idi. Hansı ki, bu matçlarda da komandamız üzərinə düşəni yüksək səviyyədə icra etdi. Yevlaxda "Karvan"la oyundakı qələbə ilə liderliyə yüksəldikdən sonra sona qədər bu pilləni qorumağımızı xüsusi qeyd edərdim.

- Büdcə, sponsorluq və ümumi maliyyə vəziyyəti baxımından yeni mövsümdə hansı yeniliklər gözlənilir?

- Bildiyiniz kimi, Premyer Liqa klubları üçün ayrılan məbləğ 500 min manat azalıb. Bunun işimizi bir qədər çətinə salacağı qaçılmazdır. Bununla belə, gələn mövsüm yüksək hədəflər uğrunda mübarizə aparmağa imkan verəcək büdcəni formalaşdırmağa çalışırıq. Bu yaxınlarda qida sponsorluğu barədə müqavilə imzaladıq və bu istiqamətdə də fəaliyyətimizi davam etdirəcəyik.

- Hazırkı heyət əsas liqada rəqabətə davam gətirəcək səviyyədədirmi? Güclənmə baxımından hansı planlarınız var?

- Premyer Liqa ilə I Liqa arasındakı səviyyə fərqi göz qabağındadır. Bu baxımdan heyətdə müxtəlif dəyişikliklərin olacağı mütləqdir. Akademiyamızın yetirmələri ilə yanaşı, bir neçə legionerin transferi həyata keçiriləcək.

- "Qəbələ" Futbol Akademiyasından yetişən oyunçulara yeni mövsümdə Premyer Liqada şans veriləcəkmi?

- Bizim hər zaman əsas prioritetimiz Azərbaycan futbolu üçün milli komanda səviyyəsində oyunçular yetişdirmək olub. Bu mövsüm I Liqada gənc futbolçularımızın bir çoxuna şans verildi. Premyer Liqada da məşqçilərimiz akademiyamızın yetirmələrinə diqqət ayıracaqlar.

- Azarkeşlər komandanın geri dönüşünü səbirsizliklə gözləyirdi. Onlara hansı mesajı vermək istərdiniz?

- Klubumuza azarkeşlik edən hər kəsə təşəkkür edirəm. Komandamıza daim dəstəkləyən həm səfər həm ev oyunlarında onun yanında olan sadiq azarkeşlərimizə isə xüsusi ilə minnətdaram. Növbəti mövsüm oyunlarımızda daha çox tərəfdar görmək istəyirik. Bunun üçün əlimizdən gələni edirik və edəcəyik.

- Növbəti mövsüm üçün əsas hədəfiniz nədən ibarət olacaq?

- "Qəbələ" həmişə çempionatda iddialı və sağlam rəqabət aparan komanda kimi tanınıb və yenə də eyni yolla davam edəcəyik.