Azərbaycanın kişi və qadınlardan ibarət voleybol millilərinin Avropa Liqasında (CEV Volleyball European League 2026) rəqibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, qrup mərhələsində yığmalarımızın rəqibləri CEV-in mövcud reytinqi əsasında müəyyənləşib.
Qadınlardan ibarət milli hazırda reytinqdə 27-ci pillədə qərarlaşıb. Buna əsasən komanda İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya, İsrail və İsveçrə ilə qarşılaşacaq.
Kişilərdən ibarət seçmə isə reytinqdə 38-ci sırada yer alır. Milli Avropa Liqasının qrup mərhələsində Yunanıstan, İsveç, Rumıniya, İspaniya, Portuqaliya və Macarıstan kollektivləri ilə üz-üzə gələcək.
Reqlamentə əsasən, yarışda 24 qadın və 27 kişi komandası iştirak edir. Turnir cədvəli üzrə ilk 6 komanda (yarımfinal və final oyunlarının ev sahibi əvvəlcədən müəyyən olunacağı halda) və ya ilk 4 yığma növbəti mərhələyə vəsiqə qazanacaq.
Yekunda 1-4 yerləri tutacaq kollektivlər 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə əldə edəcəklər.
Qeyd edək ki, 2018-ci ildən "Qızıl Avropa Liqası" və "Gümüş Avropa Liqası" formatında təşkil olunan yarış növbəti ildən "Avropa Liqası" adı ilə keçiriləcək. Turnir Avropa çempionatına təsnifat xarakteri daşıyır və iştirakçılara reytinq xalları gətirir.