"Seçim günü" layihəsi çərçivəsində Şəki Olimpiya İdman Kompleksində yeniyetmə və gənc oğlanlardan ibarət voleybolçular üçün seçim prosesi təşkil olunub. Sport24.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, seçimlər yeniyetmə və gənc oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən aparılıb.
Prosesdə Oğuz, Gəncə RVK və Tovuz VK komandalarını təmsil edən ümumilikdə 64 idmançı iştirak edib.
Məşqçilər heyəti tərəfindən iştirakçıların fiziki hazırlığı və texniki-taktiki bacarıqları qiymətləndirilərək, müvafiq namizədlər növbəti mərhələ üçün siyahıya alınıb.
Qeyd edək ki, perspektivli idmançıların aşkar edilməsi məqsədilə keçirilən bu turların növbəti dayanacağı Naxçıvan olacaq.