Azərbaycan Voleybol Federasiyasının (AVF) Hakimlər Komissiyası Yüksək Liqa və Azərbaycan birinciliyi yarışlarında iştirak edən komanda sayının artımını nəzərə alaraq, hakim heyətinin genişləndirilməsi məqsədilə üç mərhələdən ibarət seminar təşkil edib. AVF-dən verilən məlumata görə, seminarın ilk mərhələsi "Murov Az Terminal" voleybol klubunun idman bazasında keçirilib.

 

Tədbiri AVF Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədr müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev açaraq iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıblar.

 

Üç mərhələdən ibarət proqramın birinci hissəsində iştirakçılara nəzəri və praktiki dərslər keçirilib, daha sonra onlar test imtahanı veriblər.

 

Təlim zamanı voleybol qaydalarına edilən yeniliklər haqqında ətraflı məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyası hər il yeni hakimlərin hazırlanması və mövcud kadrların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə bu cür təlimlər təşkil edir. Növbəti mərhələlərdə iştirakçılar əldə etdikləri nəticələrə əsasən hakimlik dərəcəsi alaraq yarışlara təyin olunacaqlar.