Gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün komanda idman növlərində lisenziya turnirləri üçün hazırlıqlar davam edir. Sport24.az xəbər verir ki,  İsveçrənin Lozanna şəhərində artıq kişi voleybolçular arasında təsnifat turnirinin püşkü atılıb.

Sentyabrın 30-dan oktyabrın 8-nə qədər keçiriləcək təsnifat mərhələsində 24 komanda 3 qrupda mübarizə aparacaq. Hər qrupdan 2 milli komanda Olimpiadaya vəsiqə qazanacaq. Fransa millisi meydan sahibi kimi Olimpiadanın final mərhələsində oynamaq imkanı qazanacaq. 2024-cü ilin iyununda coğrafi prinsipə əsasən FIVB reytinqinin köməyi ilə digər 5 komanda da turnirdə iştirak etmək hüququ əldə edəcək. Təsnifat mərhələsinin püşkünün nəticələri ilə sizi tanış edirik:

A qrupu: Braziliya, İtaliya, İran, Kuba, Ukrayna, Almaniya, Çexiya, Qətər

B qrupu: Yaponiya, ABŞ, Sloveniya, Serbiya, Türkiyə, Tunis, Misir, Finlandiya

C qrupu: Çin, Polşa, Argentina, Niderland, Kanada, Meksika, Belçika, Bolqarıstan.

Yeri gəlmişkən, indiki məqamda Rusiya yığması mübarizədən kənarlaşdırılıb. Onun təsnifat mərhələsinin startına qədər şans qazanacağı istisna deyil.