Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, sentyabrın 17-dən 20-dək Türkiyənin İzmir şəhərində keçirilən qitə birinciliyində oğlanlar arasında Emil Safronov/Tamerlan Tağıyev, qızlar arasında isə Dilarə Ağayeva/Leyla Əliyeva duetləri Azərbaycanı təmsil edib.
Hər iki cütlük mübarizəyə təsnifat mərhələsindən başlayıb. Oğlanlar Portuqaliya, Türkiyə və Macarıstan, qızlar isə Danimarka və Sloveniya milli komandaları ilə qarşılaşıblar. Bütün oyunlar rəqiblərin qələbəsi ilə başa çatıb. Qitə çempionatında 35 ölkənin ümumilikdə 70 (qızlar və oğlanlar) komandası iştirak edib.
Qeyd edək ki, oğlanlar Atvars Vildermin, qızlar isə Nihad Tanrıverdiyevin rəhbərliyi altında çıxış ediblər.