Voleybol üzrə 2026/2027-ci illər mövsümündə keçiriləcək yarışla bağlı klub nümayəndələri ilə görüş keçirilib. Sport24.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşları və Super Liqada mübarizə aparacaq komandaların nümayəndələri iştirak ediblər.

 

Görüşdə bildirilib ki, əvvəlki mövsümlərdə Yüksək Liqa adlanan yarış yeni mövsümdən etibarən Super Liqa adlandırılacaq. Yarışın yeni mövsüm üzrə əsasnaməsi də klub nümayəndələrinə təqdim olunub.

 

AVF-nin İdman şöbəsinin direktoru Şir-Aslan Kərimov bildirib ki, Super Liqada 9 qadın və 6 kişi komandası mübarizə aparacaq.

 

Qadınların yarışında "Turan", "DH Volley", "Gəncə", "Milli Aviasiya Akademiyası", UNEC, "Azərmaş Abşeron", "Murov Az Terminal", "AZERRAIL" və "Naxçıvan" çıxış edəcək.

 

Kişilərin yarışında isə "Xilasedici", "ORDU", "Neftçi", "Murov Az Terminal", "AZERRAIL" və "Gənclər" komandaları mübarizə aparacaq.

 

Yeni mövsümdə qadınların yarışında iki yenilik olacaq. Ötən mövsüm "Abşeron" adı ilə çıxış edən komanda "Azərmaş Abşeron" adı altında mübarizə aparacaq. "Naxçıvan" isə tarixində ilk dəfə Super Liqada iştirak edəcək.

 

Super Liqanın oktyabrda start götürməsi, 2027-ci ilin aprelində başa çatması planlaşdırılır. Yarış liqa və pley-off mərhələlərindən ibarət olacaq.

 

Qadınlarda liqa mərhələsi ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək və yekunda ilk 8 yeri tutan komanda pley-offa yüksələcək. Kişilərdə isə komandalar iki dövrədə mübarizə aparacaq. Sonda ilk 4 pillədə qərarlaşan kollektivlər pley-offda iştirak hüququ qazanacaqlar.

 

Görüş zamanı yarışın keçirilmə qaydaları, yeni tələblər, qeydiyyat və digər təşkilati məsələlər də müzakirə olunub.