Şahmat biliciləri​ üçün "Fianketto" sözü yaxşı tanışdı. Artıq bizim doğma Bakımızda da "Fianketto" var. Bəli, şahmat evini açanlar onun üçün belə bir maraqlı ad seçiblər. Dostlar dünən açqdıqları bu məkana bəndənizi də qonaq kimi dəvət etmişdilər.​

​Məni tanıyanlar bilir ki, şahmata marağım yoxdu, oynayanı deyiləm. Ancaq dünən axşam bir neçə saat olduğum bu məkanda əsl şahmat dünyasına düşdüm və məndə bu zəka idman növünə həvəs yarandı. Bunda da ordakı ab-havanın böyük rolu oldu. Bir divara baxırsan, məşhur "Şerlok Holms və Doktor Vatson" filmi gözünün qabağında canlanır. Üzbəüz divarda isə 90-ci illərə qısa səyahət edərək nostalji hisslər yaşayırsan. Məşhur şahmatçılarımız və onların uşaq yaşlarında​ Ulu Öndər Heydər Əliyevlə görüşdən olan da tarixi foto. Divarlarda dünya şahmat incilərinin də şəkilləriylə​ rastlaşmaq mümkündü.​

​Səliqəli masalar, yeni şahmat lövhələri və fiqurları.​ Artıq lövhə arxasına keçib baş​ işlətməyin vaxtıdı. Açılışda yetərincə tanış simalar var. Tanınmış şahmat məşqçiləri Şahin Hüseynov, Araz Babayev, Raul Quliyev, Rasim Əliyev. Sonuncu futbolda da özünü sınayıb, peşəkar səviyyədə məşğul olub. Özü də vaxtilə MOİK-in heyətində I Divziionun bombardiri də olub​ bu keçmiş hücumçu.

​Heç bir məclis ağsaqqalsız olmasın. Bu şahmat evində isə birdən-birə iki ağsaqqalıımız​ vardı. Onlar tanınmış fotoqraflar Mehdi Abbasovla Ağəli Məmmədovdu. Veteran Şahmatçılar İttifaqının rəhbəri olan Abbasov təbriklərini çataraq, bu məkanın açılmasıyla ölkə şahmatına töhfə verildiyini qeyd etdi. O. bu işdə təşkilatçılara uğurlar arzuladı. Ağsaqqallar əvvəlcə kimin şahmatda güclü olması üzərində yarışdılar. Sonra isə növbə ilə fotoaparatlarını əllərinə götürərək şahmat löhvəsi arxasında yaşananları tarixin yaddaşına köçürdülər.​

Azərbaycanın ən titullu klub funksionerlərindən olan, son 2 ildə futbol agenti kimi çalışan Səbuhi Səfiyarlı ilə işbirliyində olduğu "Sabah"ın və millimizin futbolçusu Bəhlul Mustafazadə. Bəli-bəli, düz eşitdiniz, Bəhlul şahmatı da bilir, özü də yetərincə yaxşı oynayır. Əslində, bu, təəəccüb doğurmamalıdı. İntelektual oğlan kimi tanıdığımız Bəhlul mütaliəni sevir, kitab əlindən düşmür, skripkada ifa edir. Elə isə şahmatı da niyə bilməsin? Özü də Qəbələdə hələ akademiya vaxtlarından özünə  şahmat alıb, öyrənib, boş vaxtını səmərəli keçirib.​

​Bu qədər şahmatı oynayan varsa, niyə blits-turnir keçirməyək? Elə​ təşkilatçıların da bu, planında var idi və 8 iştirakçı dairəvi sistem üzrə yarışdılar. Ən çox xal toplayaraq qalib Rasim Əliyev oldu. Bəli, iştirakçılar sırasında idman jurnalistləri arasında dəfələrlə çempion olan Ceyhun Əliyev də vardı. Ancaq o, bu dəfə liderlər sırasında olmadı. Görünür, "Batya" formada deyil, hər halda, onun necə güclü şahmat oynadığını hamımız yaxşı bilirik. Mustafazadənin neçənci yer tutması sizləri maraqlandırırsa, onu deyək ki, ucaboylu müdafiəçi mini-turniri kənardan izləməyi daha üstün tutdu, sonradan həmin Ceyhunla, həmin Səbuhiylə yarışdı.

​Bəli, xoş auralı, sərin məkanı "Fianketto"nu tərk etməli oluruq. Ona görə ki, yenidən gələk bura, dost-tanışlarımıza bu haqda danışaq, xəbər verək. Rəşad İbrahimov, dostlar, layihəniz uğurlu olsun! Bakıda açıq havada şahmat oynayanlar yetərincə olsa da, belə bir şahmat evi yox idi və bu boşluğu aradan qaldırdınız. Artıq Nərimanov rayonu, Arif Heydərov, 29 ("Kosmos"un arxasında) ünvanında fəaliyyətə başlayan "Fianketto" şahmat evi şahmatsevərlərin yolunu gözləyir.

İndi qalır işləri tam qaydasına salmaq, çatışmazlıqları aradan qaldırmaq, qarşıya çıxan çətinlikləri dəf etmək. İş varsa, bunlar mütləq olacaq. Elə bununla bağlı arzumu da şahmatla bağlı deyirəm: "Arzu edirəm ki, çətinlikləri, maneələri mat edəsiniz!"

 

MEHMAN SÜLEYMANOV