Azərbaycan şahmatçısı Rauf Məmmədov Monteneqroda keçirilən Avropa çempionatında dünya kubokuna vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, qrossmeyster buna Petrovats şəhərində təşkil olunan yarışda 14-cü yeri tutmaqla nail olub.

 

11 turun nəticələrinə görə azərbaycanlı şahmatçılar arasında ən yaxşı nəticəni məhz Məmmədov göstərib. O, 7,5 xal toplayıb. Digər təmsilçilərimiz ilk "20-liy"ə düşə bilməyiblər.

 

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 22 şahmatçı təmsil edib. Yarışın qalibi 9 xal toplayan serbiyalı Aleksandar İnciç olub. Avropa çempionatında ümumilikdə 395 şahmatçı iştirak edib. 100 min avro mükafat fondu olan yarışın qalibi 20 min avro əldə edib.