Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı start götürür. Beynəlxalq idman tədbirində rekord sayda şahmatçı iştirak edəcək. Sport24.az xəbər verir ki, bu barədə Qətər Şahmat Federasiyasının prezidenti Məhəmməd əl-Modahka brifinqdə açıqlama verib.
Ddünya çempionatında 400 kişi və qadın şahmatçı yarışacaq. Onların arasında Nyu-Yorkda blits üzrə dünya çempionatının qalibi Maqnus Karlsen, rapid üzrə dünya çempionu və 2024-cü il İddiaçılar Turnirinin qalibi Dommaracu Qukeş, 2024-cü il blits üzrə dünya çempionu Yan Nepomnyaşşiy, Fabiano Karuana, Nadirbek Abdusattarov, Yağız Kaan Ərdoğmuş, Ediz Gürel, Vasili İvançuk, qadın şahmatçılardan sabiq dünya çempionu, hazırda 2507 xalla reytinqdə ikinci olan Tan Çjunyi, 5-ci yerin sahibi Bibisara Usubayeva və başqa tanınmış şahmatçılar vardır.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytının məlumatına görə, Azərbaycan mundialda 14 şahmatçı ilə təmsil olunacaq.
Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, dekabrın 30-da yekunlaşacaq turnirin ümumi mükafat fondu 1 milyon avrodan çoxdur.