Bir neçə gün öncə Xankəndidə keçirilən Vüqar Həşimov Memorialında iştirak edən və turnirin mükafatçıları sırasında yer alan Vladimir Fedoseyev Rusiyada bütün idman adlarından məhrum edilib. Sport24.az idman.biz-ə istinadən xəbər verir ki, Rusiya İdman Nazirliyi Fedoseyevin ölkənin idman ustası və Rusiya qrossmeysteri adlarını ləğv edib.

 

Qeyd edək ki, 2023-cü ildə ölkənin ən güclü gənc şahmatçılarından biri hesab olunan Fedoseyev Sloveniya bayrağı altında çıxış etməyə başlayıb. O, daha əvvəl Ukraynadakı müharibəni açıq şəkildə tənqid edib, həmçinin FIDE-nin sanksiyalarından əvvəl beynəlxalq turnirlərdə Rusiya simvolikası ilə oynamaqdan imtina edib və Rusiya Şahmat Federasiyasının bayrağının masasından götürülməsini xahiş edib.

 

Rusiya Şahmat Federasiyasının icraçı direktoru Aleksandr Tkaçev İdman Nazirliyinin qərarını dəstəkləyərək bildirib:

 

"Əgər sən ölkəni tam şəkildə nüfuzdan salan açıq bəyanatlar verirsənsə, ali idman adlarına sahib olmağın nə mənası var? Sən sadəcə olaraq buna layiq deyilsən".

 

Onu da xatırladaq ki, Fedoseyev daha əvvəl Azərbaycanın aparıcı şahmatçısı Şəhriyar Məmmədyarovla əməkdaşlıq edib. O, 2010-cu illərin ortalarında qrossmeysterin məşqçilər heyətində yer alıb və sekundant kimi çalışıb. Həmçinin 2018-ci ildə Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialında da bu funksiyanı yerinə yetirib.

 

Bu yaxınlarda, dekabrın 8-dən 12-dək Vladimir Fedoseyev Xankəndidə keçirilən rapid və blits üzrə Vüqar Həşimov Memorialında iştirak edib. Sloveniya təmsilçisi olan qrossmeyster turnirdə rusiyalı Yan Nepomnyaşi ilə birlikdə 1-2-ci yerləri bölüşsə də, əlavə göstəricilərə görə ikinci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Vladimir Fedoseyev 18 yaşadək şahmatçılar arasında Avropa çempionu (2013), həmçinin 20 yaşadək şahmatçılar arasında Avropa və dünya birinciliklərinin bürünc mükafatçısıdır (2014).