Türkdilli dövlətlər arasında U16 yaş qrupu üzrə təşkil olunan şahmat üzrə I komanda çempionatı başa çatıb. Sport24.az xəbər verir ki, Türkiyənin Qaziantep şəhərində keçirilən turnirdə altı türkdilli dövləti təmsil edən səkkiz komanda iştirak edib.

 

Yarışda Azərbaycanla yanaşı, təşkilatçı ölkə Türkiyə, həmçinin Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın şahmatçıları mübarizə aparıblar.

 

Dairəvi sistem üzrə təşkil olunan çempionatda komandalar bir oğlan və bir qız şahmatçıdan ibarət olub (U16 kateqoriyası).

 

Azərbaycan millisi 11 xal toplayaraq yarışı birinci pillədə tamamlayıb və çempion adına sahib çıxıb. Eyni xala malik Özbəkistan komandası əlavə göstəricilərə görə ikinci, Türkiyə isə üçüncü yeri tutub.

 

Yarışın bağlanış mərasimində Azərbaycan komandasına medal və diplom təqdim olunub, qalibin şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Qeyd edək ki, Azərbaycan komandasının heyətində Rüstəm Rüstəmov və Məryəm Ağaverdiyeva çıxış edib. Komandanın kapitanı Fərid Abbasov olub.