Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ikinci partiyaları keçirilib. Sport24.az xəbər verir ki, yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov cavab görüşündə Əhməd Əhmədzadəylə heç-heçə oynayıb.

 

İki partiyanın yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qalib gələn Ş.Məmmədyarov yarımfinala vəsiqə qazanıb.

 

Qadınların yarışında Ülviyyə Fətəliyeva hər iki partiyada qalib gəldiyi Səbinə İbrahimovanı turnirdən kənarlaşdırıb. 2-0 hesablı qələbə sayəsində Ülviyyə Fətəliyeva yarımfinalda mübarizə aparmaq imkanı əldə edib. Azərbaycan çempionatının ötən ilki qalibi Günay Məmmədzadə hər iki partiyada Ayan Allahverdiyevaya məğlub olaraq yarışı tərk edib.

 

Read Səmədov-Rauf Məmmədov, Eltac Səfərli-Məhəmməd Muradlı, Nicat Abasov-Aydın Süleymanlı görüşlərində qalib müəyyənləşməyib. Nərmin Abdinova-Türkan Məmmədyarova və Gülnar Məmmədova-Xanım Balacayeva duellərində də bərabər hesab qeydə alınıb. Bu cütlüklərdə növbəti mərhələyə vəsiqənin taleyi sabah keçiriləcək tay-brekdə məlum olacaq.

 

Beləliklə hazırda 3 şahmatçı – Şəhriyar Məmmədyarov, Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva adını ölkə çempionatının yarımfinalına yazdırıb.