Aprelin 10-da Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin 2026-cı ildə ilk iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Gəncənin ilk dəfə ev sahibliyi etdiyi 8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib.
AŞF rəhbəri fərqlənən yeniyetmələrin məşqçilər tərəfindən nəzarətə götürüləcəyini qeyd edib.
Ötən ilin Beynəlxalq Şahmat Federasiyası – FIDE tərəfindən "Sosial şahmat ili" elan olunduğu xatırlanıb. Bu səbəbdən FIDE 2025-ci ildə bütün dünya üzrə şahmatın sosial layihələrə cəlb olunmasına diqqəti artırıb. Beynəlxalq Şahmat Federasiyası 2025-ci ildə Azərbaycanda şahmata həsr olunan sosial layihələri yüksək qiymətləndirərək Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü, tanınmış şahmatçı Aynur Sofiyevanı xüsusi hazırlanan xatirə medalı ilə təltif edib. İclas zamanı mükafat Aynur Sofiyevaya Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov tərəfindən təqdim olunub.
İki saatdan çox davam edən iclasda Təsnifat Komissiyasının yaradılması və komissiyaya sədrin təyin edilməsi, qurumun saytının və loqosunun yenilənməsi, qadınlardan ibarət milli komandanın hazırlığı, federasiyanın dəstək proqramına dəyişikliklərin olunmasıyla bağlı məsələlər müzakirə olunub.
İclasda uşaq və gənclərdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, layihələr üzrə mütəxəssis Raul Quliyev, qadın şahmatçılardan ibarət komandanın məşqçisi Qədir Hüseynov və "Təhsil" RİM-nin şahmat üzrə baş məşqçisi Cavanşir Bağırovun hesabat və təklifləri dinlənilib.
AŞF rəhbəri Mahir Məmmədov milli komandaların payızda Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlığının federasiyasının diqqətində olduğunu söyləyib. Kişi şahmatçılardan ibarət komandanın olimpiadaya fərdi proqramla hazırlaşması barədə məlumat verilib.