Düz 35 il öncə peşəkar şahmata "əlvida" demişdim. Bir sıra dost şahmat müəlliminin təkidi ilə "şeytanın qıçını qırmağa" razılaşdım və "Şəki Open" Beynəlxalq Şahmat Festivalında qüvvəmi sınamağı qərara aldım.
İyunun 18-də bir qrup şahmatçıyla Bəxtiyar Vahabzadənin doğulduğu şəhərə gəldik. Ertəsi gün isə turnirə start verildi. Bəndəniz B qrupunda (FİDE reytinqi 1900-a qədər şahmatçılar) mübarizəyə qoşuldu. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun da qatıldığı açılış kifayət qədər uğurlu alındı. İndi də turnir barədə.
Şahmat oyunu 3 hissəyə bölünür: debüt (oyunun əvvəli), mittelşpil (oyunun ortası), endşpil (oyunun sonu). Turnir İsveçrə sistemi ilə keçirilirdi və 9 turu əhatə edirdi. Mən də yazını 3 hissəyə bölüb, sonda bağlanışa dair müəyyən qeydlərimi sizlərlə bölüşəcəm.
Debüt
35 il klassik şahmat oynamayan və təbii ki, yarışa hazırlaşmayan bəndənizin ilk turda qismətinə Çin şahmatçısı çıxdı. İrəliyə gedərək qeyd edim ki, həmin xanım sonda qadınlar arasında gümüş medala layiq görüldü. Buna baxmayaraq, dişimi dişimə qıcayıb qaralarla heç-heçəyə nail oldum. Ardınca qazandığım qələbə məni öz-özümə "yəni doğrudan qocalmamışam?", - sualını verməyə vadar etdi. Ancaq artıq 3-cü turda ilk məğlubiyyətimi aldım.
Mittelşpil
Əslində, yuxarıda bəhs etdiyim situasiyaya görə, 50 faizlik nəticə heç də faciə sayılmamalı idi. Lakin Əsasnamədə reytinqsiz şahmatçıların da mükafatlandırılacağına dair qeyd olduğundan, "gizli iştah"ıma güc gələ bilmirdim. Təəssüf ki, növbəti 3 turda da fövqalnəticə əldə edə bilmədim. Yenə də 1 qələbə, 1 heç-heçə və bir məğlubiyyət. Maraqlıdır ki, bu dəfə də xal itirdiyim şahmatçılardan biri əcnəbi oldu. Bu dəfə türk şahmatçısına məğlub oldum.
Endşpil
Finişə 3 tur qalmış reytinqsiz şahmatçılar arasında ilk onluğun "quyruğu"nda qərarlaşmağım bir evdə qaldığım müəllimlərə "sabah da uduzsam, turniri yarımçıq tərk edəcəm", - deməyimi şərtləndirdi. Amma dostların ilk gündən "oynadıqca açılışacaqsan. Beyninin şahmat hissəsi paslanıb, yağ tökmək lazımdı, özünü darıxdırma", - demələri məni az da olsa ümidləndirirdi. Nəhayət, son 3 turda həqiqətən "pas" açılmağa başladı. Ardıcıl 2 qələbə və öz kateqoriyamda 1-ci pilləyə yüksəldim. Əsas rəqibimlə xallarımız eyni olsa da, əmsalda onu qabaqlayırdım. Bununla yanaşı, daha iki reytinqsiz şahmatçı liderlərdən cəmi 0,5 xal geri qalırdı. Dolayısı ilə son turda hətta mükafatçılar sırasından kənar qalmaq təhlükəsi ilə üz-üzə idim. Birinci pilləni yalnız qələbə təmin edə bilərdi ki, bunu böyük çətinliklə bacardım. Bundan başqa 50 yaşdan yuxarı şahmatçıların sıralamsında da irəliyə yalnız əlavə əmsallarda geri qaldığım təcrübəli Araz Babayevi buraxdım. Ümumi göstərici də pis alınmadı: 9 oyundan 6 xal və 144 iştirakçı arasında 19-cu nəticəni göstərdim.
Suqsvanq
Nəhayət, yarışın bağlanışı haqda. Təəssüf ki, bağlanış turnirin statusuna uyğun olmadı. Təşkilatçılara da bütün gördüyüm qüsurları bildirdim. Nə xoş ki, səmimi etiraf gördüm. Ümumilikdə, bu cür turnirlərin keçirilməsi şahmatın inkişafına ciddi töhfə verir. Artıq 2 gündən sonra "Lənkəran Open" başlayır. İnanmaq istəyirəm ki, növbəti yazım yalnız major notda olacaq. Bu dəfə qüsurlar barədə yalnız bilavasitə təşkilatlarla danışmaqla kifayətlənirəm. Pozitiv notlar ümidi ilə...
CEYHUN ƏLİYEV, Bakı-Şəki-Bakı