Qrossmeysterlərimiz Aydın Süleymanlı və Nicat Abasov Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında liderlik uğrunda mübarizəni davam etdirirlər. Sport24.az xəbər verir ki, 8-ci turdan sonra Süleymanlı və Abasov hərəyə 6,5 xal toplayaraq 2-10-cu yerləri bölüşürlər. Əlavə göstəricilərə görə isə onlar müvafiq olaraq 4-cü və 6-cı pillədə qərarlaşıblar. Turnir cədvəlinə 7 xalla ispaniyalı David Gixarro başçılıq edir.

 

8-ci turda Süleymanlı gürcüstanlı Nikoloz Kaçarava ilə heç-heçə edib və növbəti partiyada turnirin lideri David Gixarro ilə üz-üzə gələcək.

 

Nicat Abasov isə Türkiyə təmsilçisi Atila Kum üzərində qələbə qazanıb və 9-cu turda israilli Benni Ayzenberqlə qarşılaşacaq.

 

Uğursuz startdan sonra Məhəmməd Muradlı da irəliləyir. O, 8-ci turda çexiyalı Jiri Stoçek üzərində qələbə qazanaraq 6 xalla 22-ci yerə yüksəlib. Riad Səmədov da 5,5 xalla 36-cı pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Avropa çempionatı 11 turdan ibarətdir və ilk "20-lik"də yer alanlar 2027-ci il Dünya Kubokuna vəsiqə qazanacaqlar.