"Real"ın "Bavariya"ya 4:3 hesabı ilə məğlub olaraq Çempionlar Liqası ilə vidalaşdığı gecədə Arda Güler hadisələrin mərkəzində olub. Sport24.az xəbər verir ki, iki qol vuraraq komandasını oyunda saxlayan gənc ulduz matçın sonunda qəzəbinə hakim ola bilməyib.
Kamavinqanın 86-cı dəqiqədə qırmızı vərəqə almasından sonra azlıqda qalan Madrid klubu son dəqiqələrdə 2 qol buraxaraq turnirdən kənarlaşıb. Matçın final fitindən sonra referi Slavko Vinçiçə tərəf qaçaraq sərt şəkildə etiraz edən Arda Güler birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
İspaniya mətbuatı Arda Gülerin alacağı cəzanın hakimin raportundan asılı olacağını bildirir.
UEFA-nın intizam qaydalarına görə, əgər raportda "hakimə təhqir və ya nalayiq ifadələr" qeyd olunarsa, gənc futbolçu 2 matçlıq diskvalifikasiya oluna bilər.
Məğlubiyyətə baxmayaraq, türkiyəli ulduz "Bavariya"nın qapısına vurduğu 2 qolla matçın ən yaxşılarından biri olub və Çempionlar Liqasında dubl edən ən gənc oyunçulardan biri kimi tarixə düşüb.