"Çox xoşbəxtəm. Hisslərimi sözlə ifadə edə bilmirəm". Sport24.azxəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında +78 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska deyib.

30 yaşlı idmançı bürünc qarşılaşmasından sonra hisslərini açıqlayıb: "Bu gün maksimum hazırlıqlı idim və görüşlərimə maksimum köklənmişdim. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu mövcuddur, sadəcə, yalnız və yalnız işləmək lazımdır. Qazandığım medal digər qadın cüdoçulara da gələcək karyeralarında təkan ola bilər. Öz məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına təşəkkürümü bildirirəm. Vitse-prezident Sadıq Sadıqova inanılmaz inam və dəstəyinə görə minnətdaram. Yaşlı idmançı olmağıma rəğmən, mənə inandılar. Ən böyük "çox sağ ol"u isə təbii ki, həyat yoldaşıma, ailəmə, valideynlərimə deyirəm. Onlar nəticəmdən asılı olmayaraq, mənimlə fəxr edirlər".

Kindzerska görüşlərini belə şərh edib: "İlk görüşdən mübarizə getdi. Görüşdən-görüşə medal qazana biləcəyim təsdiqlənirdi. Əlbəttə, yarımfinalda yaponiyalı Akira Soneyə uduzmağım məni məyus etdi. Bu görüşdən sonra toparlanmaq psixoloji cəhətdən ağır idi. Amma anladım ki, ikinci məğlubiyyət mənə medalı itirməyim bahasına başa gələ bilər. Sadəcə, buna imkan verməməliyəm".

Təcrübəli cüdoçu bu gün sevinc göz yaşlarının uzun müddət axacağını da vurğulayıb: "Azərbaycanın indiyədək medalı yox idi, bu, ilk medalımızdır. Çox fəxr edirəm ki, medal hesabını açdım. İnanıram ki, bundan sonra uşaqlar daha böyük səylə çalışaraq, medalların ardını gətirəcəklər".

Kindzerska bir müddət karyerasına fasilə verəcəyini də qeyd edib: "Bərpa olunmaq, müalicə lazımdır. Zədələrim olub. Dizimdən başqa heç nə haqda düşünə bilmədiyimdən Avropa çempionatında bacara biləcəyim nəticəm yaxşı alınmadı. Dizlərim qazanc yerim, çörəyimdir. Ona görə də Avropa çempionatının medalı Olimpiya mükafatının yanında heç nədir. Şadam ki, orada uduzub, bərpa olunub bacardım. Ötən il Olimpiada bir il təxirə salındı. Bu idmançı üçün çox ağırdır. Ağlayırdım. Gücümü necə saxlayacağımı bilmirdim. Son anadək yarışın keçiriləcəyinə inanmırdım. Hər dəfə Olimpiadanın ləğvi barədə danışırdılar. Amma sevinirəm ki, yarış baş tutdu. Çox şadam ki, kiçik tarixin bir parçası oldum”.