"Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır".

Sport24.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən deyib.

Dövlətimizin başçısı qeyd edib:

 

"Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. Bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. İndi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir".