Futbol üzrə Xorvatiya yığmasının hücumçusu Nikola Kaliniç Rusiyada keçirilmiş dünya çempionatında komandasının qazandığı gümüş medalı almaqdan imtina edib. Sport24.az xəbər verir ki, o, bu barədə ölkəsinin mətbuatına açıqlamasında özü məlumat verib. 

İtaliyanın “Milan” klubunun şərəfini qoruyan futbolçu bunları söyləyib: “Medala görə təşəkkürümü bildirirəm. Amma mən Rusiyada oynamadığıma görə, ondan imtina edirəm”.

Qeyd edək ki, Kaliniç Xorvatiya yığması ilə DÇ-2018-ə aparılsa da, Nigeriyanı 2:0 hesabıyla məğlub etdikləri ilk oyunun sonlarında belindəki ağrıları əsas gətirərək, komanda yoldaşının əvəzində meydana çıxmaqdan imtina etmişdi. Bu üzdən baş məşqçi Zlatko Daliç onu heyətdən çıxarmış, Nikola isə Xorvatiyaya geri qayıtmalı olmuşdu. Onun yoxluğunda isə Xorvatiya yığması finala qədər irəliləyərək yalnız həlledici oyunda Fransaya 2:4 hesabıyla uduzaraq gümüş medallarla kifayətlənmişdi.