Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Futzal: mövcud durum və perspektiv üfüqləri" istiqamətində "Azərbaycan futzalı: Kölgəyə çəkilən "kiçik qardaş" adlı layihəsində silsilə yazılarını davam etdirir. Növbəti yazı "Azərbaycanda yeganə ixtisaslaşmış futzal məktəbi olmuş “Turan AİR” klubunun fəaliyyəti dövrünə baxış: klubun yaradıcısı Elman Ələkbərovla keçmişə səyahət" mövzusunda oldu. "Turan AİR"in yaradıcısı, baş məşqçisi olan təcrübəli mütəxəssis futzalımızın inkişafında böyük rolu olan bu klubla bağlı bir çox maraqlı məqamlara aydınlıq gətirib, yeni ixtisaslaşmış uşaq futzal məktəblərinin yaradılması yönündə zəruri məsləhətlər verib.
. - Ötən əsrin sonları, XXI əsrin əvvəli və müasir futzalı müqayisə edərdiniz... - Gəlin ayıraq. 90-cı illərdə sürət daha aşağı idi. Amma texnikalı futzalçıların sayı-hesabı yox idi. Həqiqətən individual baxımdan olduqca parlaq simalar var idi. 2001-ci ildə “Turan AİR”ə dəvət etdiyim rusiyalı legionerlər arasında ən adlı-sanlısı – Marat Abyanov ilk məşqdən sonra mənə belə bir sualla müraciət etdi: “Oyunçularınız niyə ötürmə vermirlər”? Bax, indi “Qarabağ” böyük futbolda bizim həmin modeli tətbiq edir. İnsan axınının siz həm oyunçu, həm də jurnalist kimi canlı şahidi olmusunuz. Məgər azarkeşlər fərdlərə - gənc Duşkeviçlə Toçilinə baxmağa gəlirdilər? Əsla! Onlar parlaq oyun üslubuna görə tribunaları doldururdular. Abndrey Yudini də unutmammalıyıq
- XX əsrin son illəri və XXI əsrin əvvələrindəki rəqabətin yaranma tarixçəsi də maraqlıdı: “Turan AİR” “Azərneftyanacağ”a “əlcək atdı”. Nə baş verdi? - Allah Telman Əzizova rəhmət eləsin. “Azərneftyanacağ”a bu adam həyatını sərf etdi. Bax, bu cür futzal fədailərinə bu gün ehtiyacımız var. Həmin illəri xatırlayarkən, açıq etiraf edim ki, bizim üçün “qıcıqlandırıcı” rolunda “Azərneftyanacaq” çıxış edirdi. Sonra isə biz bütün klublar üçün eyni rolda çıxış etdik. Bundan heç kəs uduzmadı, Azərbaycan futzalı qazandı. Bilirsiniz, nəyin hesabına sıçrayış baş verdi? Legioner limitinin ləğvinə görə! Elə bilirsiniz, Duşkeviç, Sultanov, Toçilin böyük pullar qazanırdı? Aylıq məvacibləri 200 dollar idi. Ancaq onlar Azərbaycandan böyük təcrübə ilə getdilər. Onlar tətbiq etdiyimiz sistemi qavrayırdılar və qısa zamanda istədiyimizi bu uşaqlardan ala bilirdik. Necə oyunlarımız olurdu!? “Gömrükçü”yə qarşı oyunumuzu xatırlayın. Kəmaləddin Heydərov oyunu tribundan izləyirdi! Qarşılaşma televiziya ilə yayımlanırdı, amma zalda “iynə atsaydın yerə düşməzdi”. Görün futzal futbola necə təkan verdi. Zaur Ramazanov futzaldan futbola keçdi və “Karvan”ın heyətində ölkə çempionatının bombardiri adını qazandı. Özü də o, 10 oyunu qırmızı vərəqə üzündən buraxmalı olmuşdu. O vaxt ulduzlar yerdə gəzirdi. Götürün elə İlqar Abdulovu. Moldova ilə qarşılaşmada 8 penalti qaytarmışdı! Mahir Eyniyev, Ağatahir Əzimov kimi futzalçılarımız var idi.
- Maraqlıdı, çoxları futzalı futbolla eyniləşdirir. Siz necə düşünürsünüz? - Qətiyyən razılaşmıram. Azərbaycan – Albaniya oyununu izləyənlər arasında Ansi Aqolli də var idi. Bəlkə də düşünürdü ki, həmyerlilərinin sırasında olsaydı, onlara kömək edə bilərdi. Ancaq bu, kökündən yanlış fikirdi. İspaniyanın futzal və futbol yığmaları 10 dəfə zalda qarşılaşsalar, onunda da futzalçılar qalib gələr!
Elman müəllim, yerli və rusiyalı futzalçıların mental baxışları arasında nə kimi fərqlər var idi? - Bir misal çəkəcəm. Legionerlər bizdə ilk maaşlarını alan kimi aptekə getdilər. Qayıdarkən, səbəbini soruşdum. Dedilər vitamin alırdıq. Düzdü, həmin hadisədən sonra bu proseduru klub üzərinə götürdü. Ancaq işlərinə yanaşmanı deyirəm.
- Rəhbərlik etdiyiniz komandada tək ruslar oynamırdı axı. Azərbaycanlı futzalçıları necə inandıra bildiniz ki, fərdi oyunla irəliyə getmək olmaz? Necə inandırdınız ki, ötürmə, sürət, yerdəyişmə daha effektivdi? - Elə bilirsiniz ki, bu, ancaq bizim dövrün futzalının dərdi idi? Xeyr, hələ Ələkbər Məmmədov dövründən belə oynayırdılar. Çexoslovakiyada Əbdülqəni Nurməmmədov, Səmədağa Şıxlarovla 3 il hərbi xidmətdə - OİK-də birlikdə olmuşuq. Heyətimizdə “Tavriya”, “Paxtakor”, “Kayrat”ın yetirmələri də yer alırdı. Futbol matçlarında xeyli qələbələr qazandırdıq. Ancaq yerli komandayla mini-futbol oyunlarında üz-üzə gələn kimi rollar dəyişirdi. Yerli oyunçular məhz qısa ötürmə, sürət və yerdəyişmədən əla istifadə edirdilər. Qapıçı idim və gördüyüm bu idi ki, rəqib mənimlə təkbətək çıxanda qapını qorumalıyam. Ancaq meydan sahibləri nadir hallarda bu yola əl atırdılar. Onlar daim arxalarıyca gələn oyunçunu tapır və boş qapıya çıxarırdılar. Dəst-xətti tuta bildiniz yəqin ki. Bu yöndə təkanverici rolu Norilskdə keçirilən Qitələrarası Kubok da oynadı. İlk oyundaca Almaniya çempionunu darmadağın etdik – 8:0. Almanların bütün oyunçuları böyük futboldan gəlmişdilər. 18 dəqiqədən sonra hesab 1:0 idi və hiss etdim ki, rəqib artıq özünü paltardəyişmə otağında bilir... Fasiləyə 4:0 üstün yollanmışdıq. Ancaq daha böyük qələbəni topladığımız təcrübədə görürəm. Braziliyanın “Karlos Barboza” və yerli “Norilski Nikel”in sərgilədiyi futzal 1000 məşqə dəyərdi. Bu, tamamilə fərqli oyun üslubu, fərqli sürət, fərqli düşüncə tərzi idi! Bax, azərbaycanlı futzalçılara da izah etməyə çalışırdım ki, siz ötürmədən həzz almalısınız! Əlbəttə, bunu başa salmaq olduqca müşkül məsələ idi. Bu səbəbdən də 5-6 rusiyalı oyunçu dəvət etdim.
- Nə əcəb yerli və əcnəbi oyunçularınız arasında mübahisə olmurdu? - Bunu sizə kim dedi ki, olmurdu. Olurdu, özü də olduqca qızğın mübahisələr. Xüsusilə Ağatahir Əzimov “seçilirdi”. Əlbəttə, Tahir əsl “qol maşını” idi. Lakin biz onu fərqli, daha müdrik görmək istəyirdik: meydanda hər şeyi təkbaşına həll edən yox, komanda yoldaşlarına, kollektivə daha faydalı. Bunun üçün müəyyən zaman tələb olundu ki, 2 müdafiəçini üzərinə çəkməyi bacaran usta oyunçu zamanında ötürmə etsin. Ancaq istəyimizə nail olduq və Əzimov əsl vunderkind oldu.
- Elman müəllim, “saqqalıma soğan doğramayın”, 15 il keçib artıq, heç olmasa indi açın kartları... - Bunu mən deməli deyiləm, vaxtilə rəhbərliyim altında oynayan uşaqlar deməlidi. Mükafat qoymuşdum. Hər ev hazırlığından vurulan qola görə meydandakı oyunçuların hər birinə 10 dollar mükafat verirdim. Özü də bu, ancaq yerli futzalçılara şamil edilən qayda idi. Bax, bu mükafat yerliləri intizama, məşqlərə daha ciddi yanaşmağa məcbur edirdi. Yeganə şərtim bu idi ki, meydandakı 5 futzalçının hamısı yerlilər olsun. Məsələn, Ağatahir ev hazırlığından sonra qol vurur. Ancaq həmin an meydanda legionerlərdən biri olubsa, buna görə mükafat verilmirdi.
- Bəs, əksi necə, cərimə də var idi? - Əlbəttə! Misal çəkim. Çoxgedişli kombinasiyadan sonra cinahdan qoşulan oyunçu rəqibin qapı dirəyinədək getməli idi. Ötürmənin çatıb-çatmamasından asılı olmayaraq, həmin oyunçu əlini dirəyə vurmalı və yalnız bundan sonra geriyə qayıtmalı idi. Etməsəydi, 10 dollar cərimələyirdim. Əgər ötürmə keçirsə və bunu etmirsənsə, yenə 10 dollarlıq cərimə. Bax, bu cür yollarla futzalımıza intizam gətirdik.
- Bir məqama da toxunaq. Rusiya və Moldovadan olan legionerləriniz gənc idilər və aydın məsələ idi ki, müəyyən dövrdən sonra Azərbaycanı tərk edəcəklər. Söhbət təcrübəli Andrey Yudin və Marat Abyanovdan getmir... - Tamamilə doğrudu. Biz bunu gözəl dərk edirdik. Deməli, yeni nəsil yetişdirməli idik. Öz yerli futzalçılarımızla çıxış etmək üçün məktəb açmalı idik. Bunu da etdik. Heç bəlkə indi yadında da deyil, ancaq Ağabala Ramazanov ilk addımlarını bizim açdığımız məktəbdə atıb.
- Bu məktəbin yaranma tarixçəsi maraqlıdı... - 2002-ci il idi. İdeya müəllifi mən idim. “Turan AİR” aviaşirkətinin sahibi və prezidenti Aleks Kislik təklifi müsbət dəyərləndirdi. Gənclər və İdman Nazirliyi də bu təşəbbüsümüzə isti yanaşdı. Fransadan olan bir şirkət bizə meydança örtüyünü hədiyyə etdi, “Qış İdman Sarayı”nın direktoru Rafiq Behbudov simvolik bir məbləğə məşqlərimizi keçməyə imkan yaratdı. Hər məşqə uşaqlar üçün müxtəlif şirniyyatlar, meyvələr alırdıq.
- Bəs, uşaqları hardan yığdınız? Axı, ixtisaslaşmış futbol məktəblərindən fərqli, azyaşlıların futzala cəlb olunması praktikası yox idi... - Andrey Yudin, Marat Abyanov, Vüsal Süleymanov, növbəti ildə braziliyalılar – Pneu və Dado kimi ulduzlar məşq keçirdi. Bu adlar özləri küçələrdən uşaqları cəlb edirdi.
- Həmin dövrlərdə dəfələrlə məşqləri izləyən biri kimi, 15 il əvvəlki dialoqumuzu xatırlatmaq istəyirəm: O dəcəl balaca kimdi? - Ağabaladı, Zaykanın (Zaur Ramazanovu nəzərdə tuturdu – müəll.) qardaşı. Görərsən, bu uşaq qardaşından qabağa gedəcək...
- İndi isə həmin xatırlatmaya aid sual: fikrinizdə qalırsınız? - İntizam. Ağabalanın meydanı görmə qabiliyyəti, düşünmə sürəti, start sürəti möhtəşəmdi. İntizamını düzəltsə, futbola daha ciddi yanaşsa, Ağabala hələ çox irəliyə gedəcək.
- Maraqlıdı, uşaqlar üçün xüsusi proqram tərtib edilirdi, yoxsa böyüklər necə, azyaşlılar da elə? - Proqram daha yüngül yükləmələri nəzərdə tuturdu. Toplar da standartlardan daha yüngül idi. Onlar üçün bəzən əyləncəli məşğələlər keçirdik ki, yorulmasınlar, futzaldan iyrənməsinlər.
- Məktəbi saxlamaq çox baha başa gəlirdi? - Açığı, yox. Elə bir astronomik məbləğ xərcləmirdik. Ehh, Nurəddin Eyniyevin oğlu yadıma düşdü. 10 metrlik cərimə zərbələrinin 5-dən 4-nü “9-luğ”a vururdu. Xeyli istedadlı uşaqlarımız var idi. Elə indi də var. Ancaq təəssüf ki, məktəblərimiz yoxdu.
- Maraqlıdı, günümüzdə uşaq futzal məktəbini saxlamaq üçün çoxmu vəsait lazımdı? - Açığı, inanmıram ki, uşaq yığmaq olar. Ona görə yox ki, futbolda daha böyük pullar dövr edir. Məsələ burasındadı ki, futzal zamanının tempini itirdi. İndi tempi verən qüvvə “Qarabağ”dı.
- Çıxış yolunu nədə görürsünüz? - Futzalı PR etmək, populyarlaşdırmaq lazımdı. Misal gətirim. Qış fasiləsində matç təşkil edirsən: futbol və futzal üzrə ölkə çempionarı arasında. Mükafat fondu qoyursan 10 min manat. Təsəvvür edin, “Qarabağ”la “Araz” Bakı İdman Sarayında üz-üzə gəlir. Bunu da yaxşıca reklam edirsən. Zalda boş yer olmayacaq. Mükafatı da futzalın inkişafına yönəldisən. Bax, bu yolla “ilk qaranquş”ları uçurtmaq olar.
- Müsahibənin əvvəlində qeyd etdiniz ki, indi Azərbaycan futzalı daha uğurlu nəticələrə imza atır. Ancaq gəlin etiraf edək ki, əvvəlki illərdə millimiz 3:4, 3:5 məğlub olsa da, daha çox sevilirdi, nəinki indi rəqiblərini 4-5 top fərqi ilə udanda... - Bilirsiz, futzal indi yox, onda inkişaf edirdi. Nəsil gedirdi, əvəzinə yeni uşaqlar gəlirdi. Sonuncuları çoxları unutmayıb. Ancaq burda xüsusi bir məqamı unutmayaq. Televiziyalar bu yöndə əməli işlər görməlidi. 50 futbol matçına 1 futzal qarşılaşması nümayiş etdirilir. Daha bir məqam. Azərbaycanlı futzalçı harda yetişməlidi? Millinin məşqçisi onlara şans vermirsə, yerli uşaq necə inkişaf etsin? Bəli, risklidi, ancaq məşqçi risk etməlidi.
- 2001-ci ilə eyham vurursunuz? - Hər halda buna mənəvi ixtiyarım çatır. İlk dəfə kollektiv idman növlərində erməni komandasına qalib gələn “Turan AİR” olub. Ancaq onda Seyidağa Babayev, Camal Məmmədov, Vüsal Süleymanovu meydana buraxmaqdan çəkinməmişdim. Joze Alesio niyə etmir? Bəli, Biro Jade yerli uşaqlara şans verirdi. Niyə? Çünki o, millimizdə oynayıb, buranın çörəyini yeyib.
- Yəni, hesab edirsiniz ki, istedadlar var? - Ramin Quliyev bizimdi, azərbaycanlıdı. Gördünüz, bizim balamız dünya çempionu oldu! Hər idman növündə istedadlarımız var. Sadəcə, bu uşaqlara inanmaq və güvənmək lazımdı. Çempionat oyunları mütamadi nümayiş etdirilməlidi. Belədə, futzala maraq da artacaq, hakimlər də meydanda istədiklərini etməyəcəklər, azərbaycanlı futzalçılar da yüz minlərlə insanın oyunu seyr etdiyinin fərqinə varacaq və işlərinə daha məsuliyyətli yanaşacaqlar.
CEYHUN ƏLİYEV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib