Milli Gimnastika Arenasında kiçik yaşlı gimnastlar arasında Bakı birinciliyi keçirilib. 

Sport24.az xəbər verir ki, iki gün ərzində keçirilən 27-ci Bakı birinciliyində 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast qüvvəsini sınayıb.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparıblar.

Gimnastika növünün ən zərif nümayəndələrinin ikigünlük əsrarəngiz mübarizəsinin yekununda qeyd olunan yaş kateqoriyaları üzrə fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında paytaxtın ən güclüləri müəyyənləşib. Yekun nəticəyə əsasən yarışın keçirildiyi yaş kateqoriyaları üzrə fərdi çıxışlar və qrup hərəkətləri proqramı üzrə ən yaxşı nəticə göstərmiş komandalar ümumi hesabda kuboka layiq görülüblər.

“Ocaq Sport” klubunun gimnastları birinci, Bakı Gimnastika Məktəbinin təmsilçiləri ikinci, “Qrasiya” klubunun üzvləri isə üçüncü olublar.