Futzal üzrə Bosniya və Herseqovina yığmasına qarşı keçirilmiş yoxlama oyunundan sonra Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, 1:5 hesablı məğlubiyyətlə bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

 

"Dünənki oyunla müqayisədə yaxşılığa doğru çox böyük fərq vardı. Bu gün uşaqlar çox hərəkət etdilər, demək olar, meydanın hər yerində var idilər. Səhvlərimiz oldu, amma ilk matçdakı qədər yox. 6-7 real qol epizodu yaratsaq da, cəmi birindən istifadə edə bildik. Əlbəttə, narazı qaldığım məqamlar da oldu. Dünənki oyunda rəqib qapıçısı beşinci oyunçu funksiyasını yerinə yetirən zaman çox əziyyət çəkdiksə, bu dəfə standart vəziyyətlərin yerinə yetirilməsi zaman kobud səhvlər etdik. Biri cərimə, ikisi isə künc zərbəsindən olmaqla qollar buraxdıq. Bunun üzərində işləməliyik.

 

Qeyd edək ki, futzal millimiz ötən gün keçirilən yoxlama görşündə bu rəqibinə 0:7 hesabı ilə məğlub olmuşdu.