"Bosniya və Herseqovina çempionu bizimlə görüşə tam heyətlə çıxmışdı. Belə ki, onların əsas oyunçusu Pereç qırmızı vərəqə aldığına görə I turda "Piast"la matçı buraxmışdı. Oyunun gedişində hesabda önə keçdik. Ancaq oyun təcrübəsizliyi sözünü dedi və üstünlüyümüzü qoruya bilmədik". Sport24.az xəbər verir ki, bu sözləri azfutzal.az portalına açıqlamasında UEFA Çempionlar Liqasının əsas mərhələsində "Buba Mara"ya məğlub olan "Araz-Naxçıvan"ın futzalçısı Fərid Ələkbərov deyib.
Ələkbərov qrup liderinin adına sonuncu turda aydınlıq gələcəyini vurğulayıb:
"İstər fiziki hazırlıq, istərsə də qol epizodu yaratmaq baxımından komandamız yaxşı tərəfdən seçilirdi. Hesab 2:2 olan vaxt boş qapıya düşə bilmədik. Onu edə bilsəydik, qələbə qazanmaq şansımız az deyildi. Ümumiyyətlə, qrupumuzdakı rəqiblərin heç biri zəif, asan udulacaq kollektiv deyil. Hər biri oturuşmuş heyətə malikdir, əksəriyyəti illərdir eyni komandada çıxış edirlər. Bizim bir gün əvvəl yendiyimiz "Uypest" meydan sahibi və qrupun əsas favoriti hesab edilən "Piast"la heç-heçə etdi. Qrup liderinin kimliyinə sonuncu turun oyunlarından sonra aydınlıq gətiriləcək. Elə vəziyyət yaranıb ki, bu hüququ hər bir komanda qazana bilər.
"Araz-Naxçıvan" bu ildən sırf yerli futzalçılardan – millinin üzvlərindən qurulub. Onların belə mübarizə aparacaqlarını açığı gözləmirdim. Yaxşı mənada təəccübləndirdilər".
Qeyd edək ki, "Araz-Naxçıvan" qrupun ilk oyununda "Uypest"i 5:4 hrsabı ilə yenib, "Buba Mara"ya isə 3:5 hesabı ilə uduzub. Komandamız qrupun son görüşündə sabah – oktyabrın 30-da "Piast"la üz-üzə gələcək. Oyun saat 22:00-da start götürəcək.