"Qalatasaray"ın müdafiəçisi İsmayıl Jakobs bir daha Seneqal millisinin formasını geyinməyəcək. Sport24.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

"Milli komandaya bir gənc kimi qoşulmuşdum, indi isə bir kişi kimi ayrılıram. Özümlə unudulmaz xatirələr, ömürlük dostluqlar və qəlbimdə əbədi qalacaq minnətdarlıq hissi aparıram.

Almaniyada böyüsəm də, Seneqal məni qucaq açaraq və böyük sevgi ilə qarşıladı. Ölkə, azarkeşlər, komanda yoldaşlarım və mədəniyyət çox qısa zamanda mənə özümü evimdəki kimi hiss etdirdi.

Seneqal sayəsində uşaqlıq arzularımı reallaşdıra bildim və qəlbimdə əbədi qalacaq anlar yaşadım. Seneqallı bir atanın oğlu olaraq, təkcə öz arzumu deyil, həm də atamın arzusunu gerçəkləşdirmək mənim üçün həqiqətən xüsusi bir hiss idi".

 

Qeyd edək ki, Jakobs Seneqal millisində 2022-ci ildə debüt edib. O, 33 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə verib. Müdafiəçi DÇ-2026-da komandası ilə birlikdə 1/8 final mərhələsinə qədər irəliləyib.