Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti Takeşi Okada FİFA-nın dünya çempionatının kommersiya hüquqlarının satılması ehtimalı ilə bağlı yaranan qalmaqal fonunda vəzifəsindən istefa verib. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Assosiasiyanın rəsmi saytında dərc olunan bəyanatda Okada bildirib:
"Mən idmana həmişə nəcib bir fəaliyyət kimi baxmışam və onun sosial əhəmiyyətinə yüksək qiymət vermişəm. Lakin dünya çempionatı ilə bağlı son hadisələr mənim əqidəm ilə atılan addımlar arasında ciddi uçurum yaradıb. Bir idman xadimi kimi bu inkişafları qəbul edə bilməzdim və bu da məni belə bir qərar verməyə vadar etdi".
Bir müddət əvvəl Asiya Futbol Konfederasiyasının (AFK) FİFA prezidenti Canni İnfantinoya rəsmi şəkildə dəstək verdiyi bildirilmişdi.
Qeyd edək ki, Okada 1998 və 2010-cu illərdəki dünya çempionatlarında Yaponiya millisinin baş məşqçisi olub və Cənubi Afrikadakı turnirdə komandanı 1/8 final mərhələsinə qədər çıxarıb.