19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin üzvü İlham Alıyev Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün keçirilən Fransa ilə oyun haqda fikirlərini bölüşüb.

Sport24.az xəbər verir ki, o, 0:5 hesablı məğlubiyyətlə bağlı federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Fransa millisi qrupumuzun favoriti hesab edilsə də, bu, bizi ruhdan salmırdı. Düzdür, bilirdik ki, onların ustalıq səviyyəsi bizdən üstündür, daha çox beynəlxalq oyunda iştirak ediblər. Ancaq əzmkarlıq və sona qədər mübarizə aparmaqla rəqibi dayandırmağa, onları əks-hücumlarda tutmağa çalışdıq. Açığı, 1-2 epizodda buna nail olduq, təəssüf ki, fürsətləri realizə edə bilmədik. Əvəzində müəyyən səhvlərə yol verdik və bu da Fransanın qol vurması üçün kifayət etdi. Əlbəttə, hər bir oyun bizim üçün dərs, təcrübədir, çalışacağıq düzgün nəticələr çıxaraq.

Qarşıda iki oyunumuz var. Hər ikisi bizim üçün vacibdir. Düzdür, Bosniya və Herseqovina da birinci yer uğrunda mübarizə aparır, üstəlik, turnir onların ölkəsində keçirilir ki, bu məqam da rəqibimizin xeyrinə işləyir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq, mübarizəmizi sona qədər davam etdirəcəyik”.