Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının XVI turunda yaşanan qalmaqala hüquqi qiymət verilib. Sport24.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsində "Araz Naxçıvan" – "Baku Fire" matçında yaşanan xoşagəlməz hadisələr müzakirə olunub.
Nominal qonaqların futzalçısı Elvin Quliyev oyunun 28-ci dəqiqəsində söz və ya hərəkətlə etiraza görə ikinci sarı vərəqə üzündən qırmızı alıb. Futzalçı buna görə 1 oyunluq cəzalanıb.
O, meydandan qovulduqdan sonra oyunun bərpasına maneçilik törətdiyinə, oyun bitdikdən sonra hakimləri təhqir etdiyinə görə 4 matçlıq diskvalifikasiya edilib.
Qeyd edək ki, turun "Neftçi" – "Şuşa" görüşündə təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan futzalçılar da cəzalanıblar. "Neftçi"nin oyunçuları Emil Həsənzadə və Namiq Məmmədkərimov oyunun 34-cü dəqiqəsindəki hərəkətlərinə görə hərəyə 4 matçlıq cəza alıb.