Bu gün DÇ-2024-un elit-raund mərhələsinin püşkü atılıb.

Sport24.az xəbər verir ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlandla üz-üzə gələcək.

Püşklə bağlı millinin kapitanı Emin Kürdov federasiyanın rəsmi saytına açıqlama verib:

“Normal qrupa düşmüşük. Rəsmi oyunlar öncəsi yaxşı hazırlıq keçməli, bir neçə yoldaşlıq oyununda gücümüzü sınamalıyıq. Zəif komanda yoxdur. Yarışa 48 komanda ilə başlanılıb, hazırda 20 milli mübarizəni davam etdirir. Ona görə hər bir komandaya hörmətlə yanaşmalıyıq. Elə qrupda yer almışıq ki, sanki güclər bir-birinə yaxındır. Yəni hər bir iştirakçı digərindən xal ala bilər. Qazaxıstan və Niderlanddan daha çox ehtiyat edirəm. Rumıniyanı da siyahıdan silmirəm. Üstəlik, hər bir komanda rəqibini doğma meydanda da qəbul edəcək. Bu isə meydan sahibi olacaq milliyə əlavə üstünlük verəcək.

Əlbəttə, arzulayıram ki, karyeramda ikinci dəfə dünya çempionatının final mərhələsində iştirak edim. Futzal adına ən mötəbər turnirdir.

Hazırlıq mərhələsindən çox şey asılıdır. Bu prosesi yaxşı keçirsək, qarşıya qoyulan məqsədə nail olmaq mümkündür. AFFA hər zaman milliyə diqqət ayırıb, yaxşı şərait yaradıb. Bu dəfə də belə olacağına inanıram.

Məncə, “ölüm qrupu” E, C qrupunu isə nisbətən “yüngül” qrup adlandırardım”.