UEFA Millətlər Liqasının D Liqası çərçivəsində keçiriləcək Litva – Azərbaycan matçından öncə meydan sahiblərinin baş məşqçisi Edqaras Yankauskas mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, Baltikyanı təmsilçinin "sükançısı" ilk növbədə komandasının durumu haqqında danışdı:
– Lixtenşteynlə görüş futbolçulardan həddən artıq böyük güc və resurs tələb etmədi, komanda meydanda verilən tapşırığı yerinə yetirib lazımi nəticəni qazandı. Lakin qarşıdakı sınaqda daha yüksək temp və fiziki güc nümayiş etdirməliyik. Bizi tamamilə fərqli səviyyəli rəqib gözləyir. Azərbaycan yığması əvvəlki rəqibimizlə müqayisədə xeyli güclü və texnikalı komandadır. Heyətlərində beynəlxalq arena təcrübəsi toplayan, hətta Çempionlar Liqasında mübarizə aparan futbolçular yer alıb.
– Heyətdə rotasiyalar gözlənilirmi?
– Start heyətində müəyyən dəyişikliklər edəcəyik. Zədəyə görə Piyus Şirvis bu toplanışda bizə kömək edə bilməyəcək və növbəti matçda da komandadan kənar qalacaq.
– Meydanda əsasən hansı taktiki gedişlərə üstünlük verməyi planlaşdırırsınız?
– Komandamızın güclü tərəfləri standart vəziyyətlər və ani əks-hücumlardır. Topu ələ keçirən kimi sürətlə irəliyə atılmalıyıq ki, rəqib müdafiəsi hələ yerini tutmamış təhlükə yarada bilək. Öz keyfiyyətlərimizdən maksimum yararlanmağa çalışacağıq. Lakin hücum xəttində aktiv olarkən müdafiədə də intizamı qorumaq vacibdir.
– "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasla matç öncəsi məsləhətləşdinizmi?
– Onun Azərbaycanda qazandığı tarixi uğurlara çox sevinirik və fəaliyyətində uğurlar arzulayırıq. Açığı, matçdan öncə onunla əlaqə saxlamamışıq, lakin Bakıdakı cavab oyununa gələndə görüşüb fikir mübadiləsi aparmağa vaxt tapacağıq. Hazırda öz analitiklərimizin topladığı məlumatlara güvənirik və Azərbaycan milli komandası barədə kifayət qədər informasiyaya sahibik.
– Bakıdakı cavab oyunu və qrupdakı ümumi turnir cədvəli barədə nə düşünürsünüz?
– İndidən Bakıdakı matçı düşünmək üçün tezdir. Bizim üçün əsas prioritet sabahkı qarşılaşmadır, tam olaraq bu oyuna konsentrasiya olmuşuq.