Futzal üzrə Azərbaycan millisi Niderlandda keçiriləcək Avropa çempionatının hazırlıqlarına başlayıb. Federasiyanın mətbuat xidmətindən Sport24.az-a verilən məlumata görə, Joze Alesio da Silvanın komandası Bakı İdman Sarayında məşqlərə start verib. Yığma üzvləri əsasən fiziki hazırlıqlara üstünlük verir.

Avropa çempionatı üçün təlim-məşq toplanışı növbəti həftə start götürəcək. Fiziki hazırlıq məşqlərinə ölkə çempionatında çıxış edən futzalçılar qatılır. Legionerlər isə 2-3 gün ərzində Bakıda olacaqlar.

Bakıdakı hazırlıq prosesi yanvarın 16-dək davam edəcək. Həmin gün Belçikaya yola düşəcək millimiz ertəsi yerli yığma ilə yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevral tarixlərində baş tutacaq yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.