UEFA Belarus millisinin futzal üzrə 2026-cı il Avropa çempionatında iştirakı ilə bağlı Latviya və Litva futbol federasiyaları ilə məsləhətləşmələr aparır. Sport24.az xəbər verir ki, bunu ali futbol qurumunun mətbuat xidmətindən təsdiqləyiblər.
İspaniyanın "Relevo" portalının bir neçə gün öncə yaydığı məlumata əsasən Latviya Futbol Federasiyasının rəhbəri Vadim Lyaşenko və Litva Futbol Federasiyasının prezidenti Edqaras Stankeviçius Belarusun turnirdə iştirakının əleyhinədirlər və komandanı ölkələrinə buraxmaq istəmirlər.
Qitə futbol qurumu isə qarşı tərəfə Belarusun təsnifatı uğurla keçdiyini və final mərhələsində oynamaq hüququ əldə etdiyini bildirib. Hazırda bu yöndə danışıqlar davam edir.
Qeyd edək ki, futzal üzrə Avropa çempionatı 2026-cı ilin yanvarın 18-dən fevralın 8-dək Riqa və Kaunasda keçiriləcək. Belarus seçmə mərhələdə İtaliya, Finlandiya və Malta komandalarını qabaqlayaraq qitə çempionatına vəsiqə qazanıb.