"Yığmaya yaxşı əhval-ruhiyyədə gəlmişəm. "Barselona"ya qol vurduqdan sonra əhvalım pis ola bilməz". Sport24.az xəbər verir ki, bu fikirləri Slovakiya yığmasının futzalçısı Tomaş Draxovski Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan millisiylə görüş öncəsi yerli federasiyanın rəsmi saytına müsahibəsində deyib.

İspaniya "Qarsia"sının 28 yaşlı oyunçusu qarşıdakı matçın xüsusi önəm daşıdığını bildirib: "Bundan sonra vəziyyətin necə inkişaf edəcəyini görəcəyik. Fikrimcə, hər şey Moldova ilə keçirəcəyimiz son qarşılaşmada bəlli olacaq".

Tomaş  Azərbaycan millisinə Bakıda 1:4 hesabı ilə uduzduqları görüşü də xatırlayaraq, həmin matçda pis təsir bağışlamadıqlarını əlavə edib: "Səfərə itkilərlə yollansaq da, əla oynadıq. Sadəcə, nəticə istədiyimiz kimi olmadı".

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə aprelin 8-də səfərdə qarşılaşacaq. Millimiz artıq qrup liderliyini təmin edərək, tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıbsa, slovaklar 7 xalla 2-ci pillədə qərarlaşıb.