Futzal üzrə Qazaxıstan milli komandasının baş məşqçisi Kakau Aktauda Azərbaycana qarşı ilk yoldaşlıq oyununda 9:2 hesablı qələbəni şərh edib. Sport24.az xəbər verir ki, yerli federasiyaya danışan braziliyalı bunları deyib:
"İndi ən vacib məsələ qələbədir. Oyunçularımızdan razıyam, onlar yaxşı oynadılar. Əlbəttə ki, asan oyun deyildi. Üç gün əvvəl Azərbaycan Avropa çempionatında iştirak edən və çox yüksək səviyyəli komanda olan Gürcüstana uduzmuşdu. Oyunçularımız xarakter və əzmkarlıq nümayiş etdirdilər. Amma müdafiədə hələ də görüləsi işlərimiz var, iki səhv etdik. Komanda yaxşı oynadı. Uşaqlara ilk 10 dəqiqənin ən çətin olacağını dedim, çünki 3-1 oynayırdıq. Sonra 4:0 hesabı ilə irəlidə olanda gənc oyunçular əlaqə qurmağa, qol şansları yaratmağa və qol vurmağa başladılar. Bununla belə, hələ də təkmilləşdirilməli olan məsələlər var. Hazırda biz fərdi müdafiədən istifadə edirik, lakin bəzən vəziyyətdən asılı olaraq zonal müdafiəyə keçirik. Rəqibin iki "stolb" oyunçusu var, onlara qarşı fərdi oynamaq çətindir. Çünki onlar çox hərəkət edir və bizi yorurlar. Buna görə də yanaşmamızı bir az dəyişdirməli olduq".