Barselona Qran-prisinin 7-cı sırada tamamlayan Fernando Alonso yarış barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, ''Aston Martin''in pilotu yarışın sonlarına yaxın 6-cı pillədəki komanda yoldaşı Lans Strollu ötə bilərdi.
Amma o, buna heç cəhd də etməyib. Səbəbini isə özündən dinləyək: ''Finişə cəmi 10 dövrə qalmışdı. Nisbətən yeni təkərlər üzündən daha sürətli təsir bağışlayırdım. Amma söhbət uzaqbaşı 0,1-0,2 saniyəlik fərqdən gedirdi. Ona görə də dəlilik etmək niyyətim yox idi. Təsnifat mərhələsində onsuz da, bolidimin altı əzilmişdi. Bu gün yenidən eyni səhvi təkrarlamaq istəmədim. Bir-birimizlə amansız yarışa çıxsaydıq, Strollun da bolidinə nəsə ola bilərdi. Bizim üçün hansımızın 6-cı, hansımızın da 7-ci olacağı ciddi önəm kəsb etmirdi''.