Formula-1-in sabiq üzvü, hazırda ekspert kimi çalışan Martin Brandl uzun müddətdi ki, müzakirə mövzusu olan ''Red Bull''un ikinci pilotu Serxio Peresin performansı barədə danışıb. Sport24.az xəbər verir ki, meksikalı pilot hazırda şəxsi birincilikdə yalnız komanda yoldaşı Maks Ferstappendən geridədi.

Amma çoxları Peresin səviyyəcə ''Red Bull''a uyğun gəlməsinə şübhəylə yanaşır. Brandlın fikrincə, Peres üçün mövsüm yaxşı başlamışdı: "İlk 4 yarışın 2-də qalib gəlmək onun üçün əla nəticə idi. Amma Mayami qran-prisindən sonra Peres psixoloji cəhətdən çökdü. Çünki yarışa birinci başlamışdı. Ferstappen isə 9-cu başlamasına baxmayaraq onu asanlıqla geridə qoyub qələbə qazandı. Peres hər şeyə yenidən başlaya bilmək və öz potensialını sərgiləmək üçün təcrübəsindən faydalanmalıdı. Eləcə də komandası və ailə üzvləri də ona dəstək verməlidi. Məncə, indi ''Formula-1''də yalnız Hemilton ilə Alonso Ferstappenlə rəqabət apara bilər. ''Red Bull'' rəhbərliyinin indiki durumdan razı qaldığını düşünmürəm. Yəni komandanın bir pilotu çox güclü, digər pilotu isə ortababdı. ''Red Bull'' üçün ən ideal variant Ferstappenin qalib gəldiyi yarışlarda Peresin 2-ci olmasıdı. Və ya Ferstappenin 1-ci olmadığı yarışlarda Peresin qalib gəlməsidi''.