Bu mövsüm Formula 1-də keçirilən 5 Qran-prinin hamısında “Red Bull” bolidləri uğur qazandığından artıq elə təəssürat formalaşıb ki, bu proses sona qədər davam edəcək. Sport24.az xəbər verir ki, ilk iki yer uğrunda ancaq Avstriya komandasının pilotları bir-biri ilə rəqabət aparır.

Digər komandalar isə sürətdə onlara aşkar şəkildə uduzur. Amma hamı da bədbinliyə qapılmır. Məsələn, “Haas “ komandasının rəhbəri Günter Ştaynerin fikrincə, mövsümün gedişində kimlərsə “Red Bull”a “əlcək ata bilər”: “Bəli, hazırda “Red Bull” çox güclüdü, amma pelotonda çox hadisələr baş verir. Hələ də inanıram ki, mövsümün hansısa mərhələsində kimlərsə “Red Bull”a çata bilər. Əsl mübarizə qabaqdadı. Hələ heç nə başa çatmayıb. Ümumiyyətlə, insanlar bir neçə yarışa görə erkən qənaətə gəlir. Qışqırırlar ki, hər şey bitdi, vəssəlam.. Bir qədər səbr etməyin tərəfdarıyam”.