Formula-1 üzrə ikiqat dünya çempionu, 76 yaşlı əfsanəvi braziliyalı pilot Emerson Fittipaldi hegemonluğunu davam etdirən ''Red Bull'' pilotu Maks Ferstappenin çempionluqların sayı baxımından rekord qırıb-qırmayacağı mövzusu barədə danışıb. Sport24.az xəbər verir ki, son 2 ilin çempionu olan niderlandlı pilotun bu il ardıcıl 3-cü zəfərini əldə edəcəyi şübhə doğurmur.

Rekord hərəyə 7 dəfə çempion olan Mihael Şumaxer ilə ilə Lyuis Hemiltona məxsusdu. Fittipaldinin fikrincə, indidən bu mövzunu gündəmə gətirmək çox tezdi: "Amma təbii ki, Ferstappenin böyük potensialı ona Şumaxer ilə Hemiltonun rekordunu yeniləmək şansı verə bilər. Hər idman növündə bəzən əlçatmaz görünən rekordlar olur. Amma tarix göstərib ki, əlçatmaz rekord yoxdu. Maksın həm yaşını, həm fiziki formasını, həm məşqlərinin səviyyəsini, həm də psixoloji möhkəmliyini nəzərə alsaq, onun rekordu yeniləməsi mümkün görünür. Bəli, onun çempionluq sayı 7-ni ötə bilər''.