Formula 1 üzrə mövsümün 5-ci yarışı arxada qalıb. Sport24.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində keçirilən Qran-pridə növbəti dəfə “Red Bull” pilotları uğur qazanıb.

Bir həftə əvvəl Bakıda keçirilən yarışda Serxio Peres fəxri kürsünün üst pilləsinə qalxsa da, bu dəfə çempionatın lideri Maks Ferstappen rəqiblərini qabaqlayıb. Mübarizəyə 9-cu sıradan qoşulan niderlandlı pilot startda digər rəqiblərini keçməyi bacarıbsa, 48-ci dövrədə komanda yoldaşı Serxio Peresi də geridə qoyub.

Beləliklə, 57 dövrəni 1 saat 27 dəqiqə 38 saniyəyə qət edən Maks bu il 3-cü, ümumilikdə isə 38-ci yarışında finiş xəttini birinci keçib. Bu göstəricidə Ferstappen “Red Bull”a 4 dəfə dünya çempionu olan Sebastyan Fettelin göstəricisini təkrarlayıb. Ondan 5,3 saniyə geridə qalan Serxio Peres isə 2-ci yeri tutub.

“Red Bull” bu il 4-cü dəfə dubl etməklə diqqət mərkəzinə düşüb. Yalnız Bakıda keçirilən yarışda fəxri kürsüyə yüksələ bilməyən “Aston Martin”in üzvü Fernando Alonso Mayamidə də 3-cü yeri tutub. İspaniyalı 2 qat dünya çempionu Ferstappendən 26,3 saniyə geridə qalıb. Yarışda qəza qeydə alınmayıb və bütün pilotlar finiş xəttini keçib. 

Şəxsi birinciliyə gəlincə, Ferstappen 119 xalla liderliyini daha da möhəmlədib. Ondan 14 xal geridə qalan Serxio Peres 2-cidir. Fernando Alonso isə 75 xalla 3-cü sırada qərarlaşıb. Mühəndislər Kubokunda da 222 xalla “Red Bull” öndədir. 102 xal toplayan “Aston Martin” ikinci, 96 xalı olan “Mersedes” üçüncüdür. Növbəti yarış mayın 21-də İtaliyada keçiriləcək.