Formula 1 üzrə mövsümün 6-cı Qran-prisinə yükun vurulub. Sport24.az xəbər verir ki, Monakoda keçirilən yarışda sürət həvəskarları elə də maraqlı mübarizənin şahidi olmayıb.

Bir gün əvvəl “poul-pozişn”ı ələ keçirən“Red Bull” pilotu Maks Ferstappen yağışlı havada da mübarizəsini uğurla davam etdirərək finişə qədər heç bir rəqibinə şans verməyib.

Beləliklə, 78 dövrəni 1 saat 48 dəqiqə 51 saniyəyə qət edən nidelandlı 2 qat dünya çempionu bu mövsüm 4-cü dəfə fəxri kürsünün üst pilləsinə qalxıb. Keçirilən ilk 5 yarışın 4-də 3-cü yeri tutan “Aston Martin” pilotu Fernando Alonso isə Maksdan 27,9 saniyə geridə qalaraq bu mövsüm ilk dəfə 2-ci yeri tutub. Qran-prinin ən yaxşı pilotu seçilən “Alpin” pilotu Esteban Okon isə finiş xəttini 3-cü keçib. O, liderdən 36,9 saniyə geriyə düşüb.

Yarış “Mersedes” pilotları üçün qismən, “Ferarri”nin üzvləri üçün tam olaraq uğursuz alınıb. Almaniya komandasından Lüis Hemilton 4-cü, Corc Rassel 5-ci olubsa, İtaliya təmsilçisindən Şarl Lekler 6-cı, Karlos Sayns 8-ci yeri tutub Yeri gəlmişkən, final mərhələsinə son sıradan başlayan Maks Ferstappenin komanda yoldaşı Serxio Peres yarışı 16-cı sırada bitirərək xalsız qalıb. Bundan yararlanan Maks Serxiodan 39 xal aralanaraq şəxsi birincilidə liderliyini möhkəmlədib. Mühəndislər Kubokunda da “Red Bull” xal ehtiyatını 249-a yüksəldib.

Növbəti Qran-pri həftəsonu İspaniyanın Barselona şəhərində keçiriləcək.