Formula 1-də hələ də iddiasını artıra bilməyən “Ferrari” bütün ümidlərini “Red Bull”u tərk edə biləcək mühəndislərə bağlayıb. Sport24.az xəbər verir ki, hətta İtaliya komandası birbaşa “Red Bull”da çalışanları belə yola gətirmək istəyir.

Ötən mövsümün gedişində “Aston Martin” bunu bacardığına görə hazırda onun bəhrəsini görür. Amma Böyük Britaniya komandasından fərqli olaraq italyanlar bunu bacarmır.

"La Gazetta dello Sport”un məlumatına görə, “Ferrari” Avstriya komandasının texniki direktoru Pyer Vaşe ilə aerodinamika şöbəsinin rəhbəri Enriko Balbonu sıralarında görmək istəyir. Amma hər ikisi skuderiyalıların təklifini rədd edib. “Ferrari”nin rəhbəri Frederik Vassör isə mətbuata açıqlamasında axtarışda olduqlarını etiraf edib: “Heyətimizi genişləndirmək üçün genişmiqyaslı əməliyyat aparırıq. Əsasən də başqa komandaları tərk edənləri güdürük”.