PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya baş məşqçi Luis Enrikedən çox şey öyrəndiyini bildirib. Sport24.az xəbər verir ki, gürcü futbolçu bu barədə BBC-yə açıqlama verib:
"Düşünürəm ki, çox şey öyrənmişəm. Həm psixoloji, həm də fiziki cəhətdən əhəmiyyətli dərəcədə inkişaf etmişəm və futbola dair anlayışım xeyli dərinləşib. Öyrəndiklərimi nəzərə alsaq, artıq demək olar ki, özüm də məşqçi ola bilərəm!
Onunla işləyərkən hər gün yeni bir şey öyrənirsən. İstər zehni, istər fiziki, istərsə də psixoloji baxımdan – o, səni dəyişdirir. Həmişə hazır olmağın üçün sənə daim yeni dərslər keçir. Əgər meydanda cəmi bir dəqiqə keçirəcəksənsə belə, buna hazır olmalısan. Bu məşqçi ilə işləyərkən sadəcə onun dediklərinə qulaq asmaq, göstərişlərinə əməl etmək və var gücünü – 100 faizini – ortaya qoymaq lazımdır".
Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilən futbolçu "Qızıl top"a namizədlər arasındadır.