"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 37-ci turunda "Bornmut"la (1:1) oyundan sonra mövsümün sonunda Mançester klubundan ayrılacağı ilə bağlı şayiələrə cavab verib. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə "Sky Sports"-a açıqlama verib:

 

"Müqaviləmin bitməsinə hələ bir il qalıb. Təcrübəmə və illərdir apardığımız söhbətlərə əsasən, siz jurnalistlər mövsümün gedişində nəsə elan edəndə, sonu həmişə pis nəticələnir.

Bu mövzu barədə danışmalı olduğum ilk şəxs klubun İdarə Heyətinin sədridir. Çünki qərarı birlikdə veririk. Danışacağıq və sonra qərar verəcəyik. Bu klubda çalışdığım üçün planetin ən xoşbəxt insanıyam. Bu klub xüsusidir".

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Enso Mareskanın "şəhərlilər"in yeni baş məşqçisi olacağı ilə bağlı xəbərlər yayılıb.