Mərakeş millisinin baş məşqçisi Mohammed Vahbi Norveçlə keçirilən yoldaşlıq oyunundan (1:1) sonra mətbuat konfransında fikirlərini bölüşüb. Sport24.az "El Botola"ya istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis heç-heçə ilə başa çatan görüşdən sonra komandanın ümumi çıxışını müsbət qiymətləndirib.

Vahbi güclü rəqibə qarşı yaxşı futbol nümayiş etdirdiklərini bildirib:

"Qələbə qazana bilməsək də, bu matçdan müsbət təəssüratlarla ayrılırıq. Güclü rəqibə qarşı yaxşı tərəflərimizi göstərə bildik. Belə oyunlar komandanın inkişafı üçün çox faydalıdır".

Baş məşqçi heyətdə etdiyi çoxsaylı rotasiyalara və dəyişikliklərə də münasibət bildirib:

​"Bir çox futbolçuya şans verməyə və onların oyun vaxtını bərabər bölüşdürməyə çalışdıq. Düzdür, tez-tez edilən dəyişikliklər bəzən komandanın meydandakı oyun ritminə mənfi təsir göstərir, lakin yoldaşlıq görüşləri məhz bunun üçündür".

Vahbi hazırda onu və texniki heyəti ən çox narahat edən məqamın zədə xəbərləri olduğunu vurğulayıb:

​"Nussair Mazraui və Abde Ezzalzoulinin zədələnməsi məni ciddi şəkildə narahat edir. Hazırda tibbi müayinələrin yekun nəticələrini gözləyirik. Bununla belə, bu itkilərə rəğmən komandanın ümumi performansından razı qaldım".