İstanbul Baş Prokurorluğu keçmiş futbolçu Batuhan Karadeniz barəsində beynəlxalq axtarış - "qırmızı bülleten" elan olunduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, prokurorluğun məlumatına görə, Karadenizin qanunsuz mərc və qumar fəaliyyətlərini təşviq etdiyi iddiası ilə onun bütün əmlakına da əl qoyulub.

 

Baş Prokurorluğun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İdarəsinin apardığı istintaq çərçivəsində xaricdə olduğu müəyyən edilən Batuhan Karadenizin sosial media platformalarında qanunsuz mərc və qumarı təşviq edən paylaşımlar etdiyi, qanunsuz mərc saytlarının reklamını yaydığı iddia edilir. Bu səbəbdən 7258 saylı Qanunun pozulması və cinayətdən əldə edilən gəlirlərin leqallaşdırılması (pul yuyulması) maddələri üzrə onun barəsində "qırmızı bülleten"lə axtarış verilib.

 

Prokurorluğun qərarına əsasən, Karadenizin daşınar və daşınmaz əmlakına, şirkət və ortaqlıq paylarına, bank və investisiya hesablarına, kriptovalyuta və birja aktivlərinə həbs qoyulub.

 

Müsadirə qərarı Sülh Cinayət Məhkəməsi tərəfindən təsdiqlənib.

 

Qeyd edək ki, Batuhan Karadeniz Türkiyənin aparıcı klubları ilə yanaşı, millinin də formasını geyinib.