İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatındakı hava şəraiti və komandasının turnirdəki hədəfləri barədə danışıb. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis Xorvatiya ilə keçiriləcək ilk qrup oyunu öncəsi təşkil edilən mətbuat konfransında havaların həddindən artıq isti keçməsinə baxmayaraq, İngiltərənin əsas üstünlüklərindən imtina etmək niyyətində olmadığını vurğulayıb:
"Topla aktiv oynamaq istəyirik. Gənc, cəsarətli və qorxmayan futbolçulardan ibarət heyətimiz var. Buna görə də öz üslubumuz və inancımızla meydana çıxacağıq. Heç kim qələbəyə zəmanət vermir, amma ən azı öz futbolumuzu oynamağa çalışacağıq".
Mundialın keçirildiyi şəhərlərdə yüksək temperatur səbəbindən bütün matçlarda məcburi su fasilələri tətbiq olunub. Tuxel bu fasilələrin oyunun gedişatına təsir göstərə biləcəyini etiraf etsə də, taktiki yanaşmasını dəyişmək fikrində olmadığını qeyd edib:
"Şəraitə görə fərqli futbol oynamağa hazır deyiləm. Bu halda öz güclü tərəflərimizdən imtina etmiş olarıq".
Təcrübəli mütəxəssis ötən il Klublararası Dünya Çempionatını izləyərək bu turnir üçün xüsusi hazırlıq planı qurduqlarını da açıqlayıb. Onun sözlərinə görə, isti hava futbolçuların qaçış məsafəsinə və intensivliyinə müəyyən təsir göstərsə də, komandaların oyun üslubunu ciddi şəkildə dəyişdirmir.
Sonda 52 yaşlı çalışdırıcı zədələnərək heyətdən çıxarılan Tino Livramento əvəzinə Trevoh Çalobahın dəvət olunmasının səbəbinə də aydınlıq gətirib. Tuxel bildirib ki, bu seçim müdafiə xəttində daha çox alternativ əldə etmək məqsədi daşıyır.