Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandes komandasının 2026-cı il dünya çempionatındakı hədəflərindən danışıb. Sport24.az xəbər verir ki, təcrübəli futbolçu əsas məqsədlərinin dünya çempionu olmaq olduğunu bildirib:

"Arzumuz dünya çempionu olmaqdır. Əsas məsələ Portuqaliyanın indiyədək qazana bilmədiyi bu titulu əldə etmək və dünya kubokunu ilk dəfə ölkəmizə gətirmək üçün nələr etməli olduğumuza diqqət yetirməkdir", - deyə Fernandes vurğulayıb.

31 yaşlı yarımmüdafiəçi komandasının buna nail ola biləcək gücdə olduğunu düşünür:

"Özümüzə inanırıq. Hazırda Portuqaliyanı təmsil edən futbolçuların keyfiyyətinə böyük inam var. Çox güclü kollektivimiz olduğunu bilirik və dünya çempionatında uğurlu çıxış edə biləcəyimizə ürəkdən inanırıq".

Fernandes 2025-ci ildə UEFA Millətlər Liqasının finalında İspaniyanı məğlub etmələrinin komandaya əlavə motivasiya verdiyini də qeyd edib:

"Ətrafıma baxanda hər an komanda üçün əlindən gələni etməyə hazır olan möhtəşəm futbolçular görürəm. Bu mənə böyük inam verir. Məqsəd kiməsə kömək etmək deyil, hamımızın birlikdə son hədəfə çatmasıdır", - deyə o bildirib.

"Mançester Yunayted"in üzvü azarkeşlərin dəstəyinə də xüsusi toxunub:

"Azarkeşlərimiz bizə tam inanırlar. Onlar Portuqaliyanın dünyanın ən yaxşı komandası ola biləcəyini,  finala yüksəlib kuboku qazana biləcəyini düşünürlər. Bu inamı enerji mənbəyinə çevirməliyik".

 

Fernandes komanda yoldaşı barədə də fikirlərini bölüşüb:

"Kriştiano kimi həmyerlimizin və komanda yoldaşımızın olması böyük imtiyazdır. Ondan hər zaman öyrənmək mümkündür. O, karyerası boyu inanılmaz iradə nümayiş etdirib. Qələbə qazanmaq istəyi heç vaxt tükənməyib və daim daha artığını istəyib. Bu xüsusiyyətlər hamımız üçün nümunədir".

Fernandes bildirib ki, Ronaldo dünya çempionatında da komandanın əsas güc mənbələrindən biri olacaq:

"Ümid edirəm ki, o, həmişə olduğu kimi bizə kömək edəcək, qollar vuracaq və məqsədimizə yaxınlaşmağımızı təmin edəcək".

Qeyd edək ki, Portuqaliya millisi Dünya Çempionatının K qrupunda Kolumbiya, Konqo DR və Özbəkistanla mübarizə aparacaq.