Qana millisinin hücumçusu Antuan Semenyo Panama üzərində qazanılan qələbədən sonra komandasının qarşıdakı çətin sınaqlara hazır olduğunu bildirib. Sport24.az xəbər verir ki, Qana yığması dünya çempionatının qrup mərhələsində Panamanı 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu əlavə vaxtda Kaleb Yirenki vurub.
Matçın ən yaxşı oyunçusu seçilən Semenyo qələbənin əhəmiyyətindən danışıb:
"90+5-ci dəqiqədə vurulan qolu təsvir etmək çətindir. Hamımız böyük sevinc və rahatlıq hiss etdik. Bu oyunun bizim üçün nə qədər vacib olduğunu bilirdik. Həm də bu nəticə növbəti matçlar öncəsi komandaya əlavə özünəinam qazandırdı".
"Mançester Siti"nin hücumçusu Panama ilə qarşılaşmanın fiziki mübarizə baxımından çətin keçdiyini vurğulayıb:
"Rəqibin heyətində kifayət qədər güclü və iri futbolçular var idi. Amma biz belə mübarizəni sevirik. Komandamız məhz bu cür oyunlarda özünü daha yaxşı göstərir".
Semenyo bildirib ki, Panama üzərində qələbə növbəti oyunlar üçün vacib addım olsa da, komanda arxayınlaşmaq niyyətində deyil:
"Qələbəyə çox sevinirik, lakin sürəti azaltmaq olmaz. Qarşıda bizi iki vacib oyun və böyük sınaqlar gözləyir".
Qananı növbəti turda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən İngiltərə millisi gözləyir.
Semenyo qarşıdakı oyunun çox çətin keçəcəyini bildirib:
"İngiltərəyə qarşı oyun çox çətin olacaq. Məhz buna görə Panama üzərində qələbə bizim üçün vacib idi. Bu komandanın istedadı var və özünü sübut etmək istəyir. Bizi irəli aparan da məhz budur".
İngiltərə millisində çıxış edən bir çox futbolçu ilə dostluq münasibətlərinin olduğunu deyən Semenyo, mundial zamanı bütün diqqətini oyuna yönəldəcəyini qeyd edib:
"Onlar mənim dostlarımdırlar və aramızda yaxşı münasibətlər var. Amma indi diqqəti yalnız futbola yönəltmək vaxtıdır. Turnirdən əvvəl bir az zarafatlaşmışdıq, lakin artıq hər şey ciddidir".