Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo dünya çempionatlarında iştirak baxımından Argentina yığması və Fransa PSJ-sinin hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

Sport24.az xəbər verir ki, 37 yaşlı forvard buna sayca 5-ci mundialında meydana çıxmaqla nail olub.

Qətərdəki dünya çempionatındakı ilk oyunlarında Qana ilə qarşılaşan Portuqaliya yığmasının lideri start heyətdə meydana çıxıb. Bununla da o, Messi ilə yanaşı, Meksika yığmasının sabiq üzvləri Antonio Karbaxal və Rafael Markes, həmçinin, Almaniya millisinin keçmiş hücumçusu Lotar Matteusa çatıb.

Xatırladaq ki, Ronaldo daha əvvəl 2006, 2010, 2014 və 2018-ci il mundiallarında da iştirak edib.

Ronaldo həm də ardıcıl 5-ci dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, buna Qana ilə matçın 65-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə nail olub.

Daha əvvəl hücumçu 2006, 2010, 2014 və 2018-ci illərdə keçirilmiş dünya çempionatlarında qol vurmağı bacarmışdı.

Portuqaliya Qana ilə matçdan 3:2 hesablı qələbə ilə ayrılıb.