"Real"ın müdafiəçisi Raul Asensio yetkinlik yaşına çatmayan şəxsin iştirak etdiyi intim videonun yayılması iddiası ilə məhkəmə qarşısına çıxacaq. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" qəzeti məlumat yayıb.

 

Dinləmələr 3, 4 və 7 sentyabr tarixlərində Qran Kanariya şəhərində keçiriləcək. 23 yaşlı ispaniyalı bu işdə "Real"dakı keçmiş komanda yoldaşları Ferran Ruis, Xuan Rodriges və Andres Qarsiya ilə birlikdə ittiham olunur.

 

Asensio iki ittiham üzrə təqsirləndirilir: iştirakçının razılığı olmadan çəkilmiş videonu üçüncü tərəflərə ötürməkdə, digəri isə yetkinlik yaşına çatmayan şəxsin iştirak etdiyi cinsi xarakterli materialları yaymaqda ittiham olunur. 

 

İş 2023-cü ilin iyun ayında baş verən hadisələrlə bağlıdır. İddialara görə, intim görüş iştirakçıların razılığı olmadan lentə alınıb, bundan sonra videolar başqalarına paylanıb. Hər iki iddiaçı sonradan Asensioya qarşı iddialarını geri götürüb. Lakin hakim onlara məhkəmə zamanı bu mövqeyi təsdiqləməyi tapşırıb. Qadınlar digər üç təqsirləndirilən şəxslə bağlı ifadələrindən imtina etməyiblər.

 

Məhkəmə həmçinin vəkillərin təqsirləndirilən şəxslərin telefonları müsadirə edildikdən sonra əldə edilən sübutların iş materiallarından çıxarılması ilə bağlı vəsatətlərini də rədd edib. Məhkəmə sənədlərində göstərilir ki, həbs olunmazdan əvvəl təqsirləndirilən şəxslər bulud yaddaşında məlumatlarının ehtiyat nüsxələrini yaradıblar və cihazlarının məzmununu siliblər. Məhkəmə bunu istintaqa mane olmaq üçün mümkün cəhd kimi qiymətləndirib.

 

Qeyd edək ki, prokurorlar əvvəllər Asensio üçün iki il yarım həbs cəzası istəyiblər. Məhkəmə prosesi boyunca futbolçu cinayətdə iştirakını rədd edib.